Salyan rayonunda Gənclər Günü qeyd olundu
2 fevral – Gənclər Günü münasibətilə Salyan rayonunda bir sıra yaddaqalan tədbirlər keçirilmişdir. Gənclər təşkilatlarında, təhsil ocaqlarında gənclərin fəallığı ilə keçirilən bu toplantılarda ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətindən danışılmışdır.
Bu əlamətdar gün münasibətilə Salyan rayon gənclər və idman idarəsinin «Həyat» şadlıq evində keçirdiyi təntnəli bayram tədbirində Salyan rayon İcra Hakimiyyətinin, idman və gənclər idarəsinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT təmsilçiləri, rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin çoxsaylı nümayəndələri iştirak etmişlər.
Rayon gənclər və idman idarəsinin rəis əvəzi Araz Hüseynov bayram tədbirini giriş sözü ilə açaraq bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin gənclər siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Salyanlı gənclər də bu qayğıdan bəhrələnərək sosial-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində böyük fəallıq göstərirlər. RİH başçısının müavini Gənclər Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək rayonumuzun gənclərini əlamətdar gün münasibətilə təbrik etmiş və bildirmişdir ki, ölkəmizdə gənclərin öz potensiallarını genişləndirmək üçün hər cür şərait və imkan yaradılmışdır. Ulu öndərimiz Heydər Əliyev irsinin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən 06 aprel 2011-ci ildə təsdiq edilmiş «Azərbaycan gəncliyi 2011—2015-ci illərdə» Dövlət Proqramı, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən uğurlu siyasət öz bəhrəsini verməkdədir. O, sön dövrdə rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən və bu işlərdə gənclərin fəallığını yüksək qiymətləndirmişdir. Musiqili-ədəbi kompozisiya ilə müşayiət olunan tədbirdə dövlətimizin gənclər siyasətini əks etdirən videoçarxa baxış keçirilmişdir. Sonra Salyan gənclərindən ibarət «Qardaşlar» qrupunun hazırladığı səhnəcik nümayiş etdirilmişdir. Şəhər 7 saylı məktəb-liseyin «Şən və hazırcavablar» klubunun hazırladığı səhnəciklər tədbir iştirakçılrına xoş anlar bəxş etmişdir.
Bir qrup gənc ictimai-siyasi həyatda fərqləndiyinə görə rayon gənclər və idman idarəsinin “Fəxri fərman”ı və qiymətli hədiyyələrlə ilə təltif edilmişdir.