Yenikənd kəndi yeni inkişaf dövrünü yaşayır
Yenikənd və Şəkərli kəndlərini əhatə edən Yenikənd kənd inzibati ərazi dairəsi Salyan rayonunun ən böyük və müasir yaşayış məntəqələrindən biridir. Ümumilikdə 1.200-dən çox təsərrüfatda 5 min nəfərdən artıq əhali yaşayır. Son illər, xüsusən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində ərazi nümayəndəliyində yeni sosial təyinatlı obyektlər istifadəyə verilmiş, özəl sektorun inkişafı üçün münbit şərait yaradılmışdır. Hazırda ərazi nümayəndəliyində 2 tibb məntəqəsi, 1 tam, 1 ümumi orta məktəb, Yenikənd kəndində kənd mədəniyyət evi, kənd kitabxanası, Şəkərli kənd klubu fəaliyyət göstərir.
29 yanvar 2014-cü il tarixdə üzrə nümayəndəliyində keçirilən hesabat yığıncağında son bir ildə görülmüş işlərə yekun vurulmuş, 2014-cü il üçün yeni vəzifələr müəyyən edilmişdir. Hesabat yığıncağında Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun mədəniyyət, səhiyyə və digər aidiyyati orqanların nümayəndələri və kənd ağsaqqalları, ziyalılar, yerli iş adamları, fermerlər iştirak edirdilər. Salyan rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məsabə Abbasov çıxış edərək bir ildə ərazidə sosial-iqtisadi inkişaf və kənd adamlarını narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Məruzə ətrafında kənd sakinlərindən Qüdrət Rəfiyev, Rövşən Abuzərov, Qönçə Əhmədova, Həsənbala Qarayev, Eminağa Qənbərov, Azər Əzizov, Dilarə Məhərrəmova, Mahmud Cəfərov və başqaları çıxış etmişlər. Məruzə və çıxışlarda qeyd edilmişdir ki, təkcə 2013-cü ildə ərazidə 2 böyük inşaat malları mağazası istifadəyə verilmiş, bir 600 yerlik şadlıq evi tikilmiş, digər 600 yerlik şadlıq sarayı isə tikilməkdədir. Yenikənd kənd bələdiyyəsinin vəsaiti hesabına kəndlərdə bütün yollar hamarlanmış və 600 kubmetr həcmində yol materialı tökülərək yayılmışdır. Ərazidə 23 kilometr uzunluğunda baş su kanalı, 4,2 kilometr kənddaxili kollektor lildən təmizlənmişdir. Elektrik enerjisi və qaz təsərrüfatı tamamilə sayğaclaşdırılmışdır. Elektrik və təbii qaz verilişində problem yoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət, ərzaq bolluğu üçün yerlərdə yaradılmış əlverişli şərait nəticəsində ərazi dairəsində də fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmış, insanların maddi-rifahı yaxşılaşmış, onların ailə büdcəsinə xeyli əlavə vəsait daxil olmuşdur. Ötən il 29807 sentner taxıl, 39696 sentner yonca, 1.370 sentner tərəvəz və digər bostan məhsulları istehsal edilmişdir. Bu il 13 min sentnerə yaxın süfrə üzümü bazarlara çıxarılmışdır.
Hesabat məruzəsində və məruzə ətrafında çıxışlarda həllini gözləyən problemlərdən də ətraflı danışılmış və onların aradan qaldırılması üçün təkliflər irəli sürülmüşdür. Kənd ağsaqqallarının və fermerlərin nümayəndələri qeyd etmişlər ki, kənddə içməli və təsərrüfat suyunun fasilələrlə verilməsi problemlər yaradır. Belə ki, su kanallarında ekoloji vəziyyət gərginləşir, ərazi zibillənir, su ərazidə istifadəçilər arasında tam və kifayət qədər bölünmür. Çıxış edənlər əkin suyunun azlığından şikayət edərək torpaqların şoranlaşmasının qarşısının alınması üçün tədbirlər görülməsini xahiş etmişlər. Həmçinin Şəkərli kəndində həkim məntəqəsi və poçt binasının tikintisi, Yenikənd kəndində uşaq bağçasının əsaslı təmiri məsələsi diqqətə çatdırılmışdır.
Hesabat yığıncağında Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov qaldırılan təklif və problemləri diqqətlə dinləmiş və onların həlli üçün görüləcək işlərdən danışmışdır. Yığıncaqda tibbi müayinəyə və müalicəyə ehtiyacı olan iki ailənin üzvlərinin problemlərinin, həmçinin kanal və kollektorların təmizlənməsi, təsərrüfatlara əkin və içməli suyun verilməsində yaranmış problemlərin aradan qaldırılması üıçün aidiyyati təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir. Qaldırılan digər məsələlərin, xüsusən kənddə yeni bağçanın inşasının Regionların inkişafına dair Dövlət Proqamı çərçivəsində rayon üzrə 11 uşaq bağçasının, həmçinin Yenikənd kənd inzibati dairəsində də yeni bağçanın tikintisinin nəzərdə tutulduğu vurğulanmışdır.
RİH başçısı Tahir Kərimov kəndlərimizin sosial-iqtisadi inkişafı, onların gələcək perspektivi barədə ölkə başçısının qarşıya qoyduğu vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışmışdır.