Heydər Əliyev mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya
Yanvarın 17-də Heydər Əliyev Mərkəzində «Şəhidlər ölmür» adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Mərkəzin foyesində Salyan Dövlət Rəsm Qalereyasının şagirdlərinin çəkdikləri rəsm əsərləri nümayiş etdirilmişdir. Bu əsərlərdə sənətin dili ilə 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə rus ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər çox təsirli ifadə olunmuşdu.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun, RİH başçısı yanında şura üzvlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi mərasimdə Salyan Gənclərinin ifasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən «Şəhidlər unudulmur» adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Səhnədə qoyulmuş monitorda ümummilli liderimiz Heydər Əliyevin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 20 Yanvar faciəsi haqqında, habelə xalqımızın qəhrəman övladları barədə fikirləri səsləndikdən sonra Azərbaycan Milli Kanservatoriyasının tələbəsi, Prezident təqaüdçüsü, müsabiqələr qalibi Mircavid Cəfərovun tarda və Milli Kanservatoriyanın magistri Tural Qasımovun pianoda çaldığı həzin melodiyalar musiqinin dili ilə tamaşaçılara çatdırılmışdır.
Salyan gənclərinin çox yüksək sənətkarlıqla hazırladıqları kompozisiyada 20 Yanvar şəhidləri İlham və Fərizə Allahverdiyevlər, Larisa Məmmədova, həmyerlimiz Elçin İmanov, habelə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Fərid Əhmədov, Babək Xürrəmid barəsindəki fraqmentlər bitkin bir kompozisiya yaratmış, həmin dövrün qəhrəmanlıqlarla dolu səhifələrini canlandırmışdır. Ədəbi kompozisiyada belə bir fikir vurğulanmışdır ki, 20 Yanvar təkcə kədər və qəm günü deyil, həm də qəhrəmanlıq tariximizdir. Ədəbi-bədii kompozisiyada əsas leytmotiv ondan ibarət olmuşdur ki, Azərbaycanın üçrəngli Dövlət Bayrağının Qarabağda dalğalanacağı gün yaxındadır.