Salyan rayonunun kənd yollarına asfalt örtük çəkilir
Salyanda rayon mərkəzi ilə yanaşı kəndlərdə də abadlıq işləri aparılır. Kəndlərə rahat gediş-gəlişi təmin etmək üçün kənd daxili yollar yenilənir. Bu istiqamətdə davamlı olaraq aparılan işlər hazırda rayonun şərq istiqamətindəki yaşayış məntəqələrində həyata keçirilir. Rayonun 5 kəndini, Parça Xələc, Seydan, Pratman və Gəncəli kəndlərini birləşdirən uzunluğu 5 km olan kənd daxili yol əsaslı təmir edilir. Artıq yolun yataq hissəsində işlər tam başa çatdırılıb. Yolun bir hissəsinə isə asfalt döşənib. Yaxın günlərdə isə yol tam hazır vəziyyətə gətiriləcək. Bundan əlavə isə Seydan kəndinə gedən yolda da təmir tikinti işləri aparılacaq. Yolun 6 km bu hissəsinə qum-çınqıl döşənəcək. Qeyd edək ki, 4 mindən çox kənd sakininin istifadə edəcəyi yol uzun müddət idi ki, bərbad vəziyyətdə olduğundan mövcud durum avtomobillərin hərəkətinə, o cümlədən sakinlərin yaşayış şəraitinə mənfi təsiri göstərirdi. Yenilənən yolun istifadəyə verilməsi ilə bu cür çətinliklərə son qoyulacaq. Üstəlik yolun yenilənməsi əhalinin rifah halının yaxşılaşmasına da təkan olacaq. Həmçinin təmir işləri başa çatandan sonra kənd əhalisinin rayon mərkəzi ilə əlaqəsinde problemler olmayacaq. Qeyd edək ki, hazırda təmir olunan yol Salyan-Şirvan yoluna birləşdiyindən sakinlərin qonşu Şirvan şəhərinə gediş gəlişidə rahatlaşacaq. Yaradılan bu şəraitə görə isə kənd sakinləri cənab prezident İlham Əliyevə minnətdardırlar. Xatırladaq ki, bu istiqamətdə yerləşən kəndlərdə digər sosial tipli layihələr həyata keçirilib. Kəndlər qazlaşdırılıb. Içməli su ilə təmin etmək üçün su durulducu qurğularda quraşdırılıb. Bir sözlə kənd əhalisinin rahat yaşaması üçün zəruri hesan edilən bütün lazımı tədbirlər görülüb.