Kür çayı üzərində körpünün inşası sürətlənir
Məlumdur ki, möhtərəm Prezidentimiz bu il sentyabrın 4-də ölkəmizin Cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonunda da olmuşdur. Həmin tarixi səfərdən iki gün sonra sentyabrın 6-da möhtərəm Prezidentimiz cənab İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında və Salyan rayonunun yol-nəqliyyat infrastruk- turunun yaxşılaşdırılmasına dair iki sərəncam imzalamışdır. Həmin sərəncama görə Salyan rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2013-cü il büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat, o cümlədən 6 min nəfərdən artıq əhalinin yaşadığı Babazanan yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qəsaldacaq Kür çayı üzərində körpünün tikintisinə 1 milyon manat, Salyan-Şirvan avtomobil yolunun yenidən qurulmasına 1 milyon manat vəsait ayrılmışdır.
Sərəncamdan az müddət keçdikdən sonra Kür çayı üzərində yeni körpünün tikintisinə start verildi. Artıq iki aydır ki, inşaatçılar Kür çayının sağ sahilindən, yəni Şirvan tayından körpüsalma işlərinə başlamışlar. Məlumdur ki, körpü tikintisi çox böyük diqqət, inşaatçılardan zərgər dəqiqliyi kimi işləmək ustalığı tələb edir. Ona görə də burada körpü yatağının qurulması, Kür çayında özül dayaqlarının qoyulması, körpünün platformalarının yerləşdirilməsi, xarici təsirləri azaldan köməkçi vasitələrin qurulması çox mühüm əhəmiyyət kəsb edir. Tikintinin sahə rəisinin bildirdiyi kimi, inşaatçılar böyük həvəslə və ciddi məsuliyyətlə öz işlərini yerinə yetirirlər. Layihəyə əsasən yeni tikilən körpünün uzunluğu 216 metr, eni isə 14,5 metr olacaqdır ki, bunun da 1,5 metri piyadaların gediş-gəlişi üçün nəzərdə tutulub. Körpü ən müasir tikinti texnologiyaları üzrə inşa edilir.
Son vaxtlarda Kür çayının səviyyəsinin dəfələrlə yüksəldiyini nəzərə alan inşaatçılar hər bir halda körpünün təhlükəsizliyini təmin etmək üçün indidən qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirirlər.
Tikintidə işlərin yüksək sürət və keyfiyyətlə davam etməsi onu göstərir ki, yaxın vaxtlarda körpünün istifadəyə verilməsi ilə Babazanan yaşayış massivinin 6 minlik əhalisinin bu probleminə birdəfəlik son qoyulacaqdır.