Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Salyan rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki

26 dekabr 2013 | 16:00

Əziz salyanlılar!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2014-cü il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 22 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci  illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir. Azərbaycan xalqı və dövləti üçün 2013-cü il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmiş, iqtisadiyyat dinamik inkişaf yolunda olmuş, ölkəmizin büdcəsi artmış, pensiyalar, təqaüdlər, müavinətlər yüksəlmişdir. Azərbaycan xalqı 2013-cü ilin 9 oktyabrında möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevi qarşıdakı beşillik üçün yenidən dövlət başçısı seçməklə Heydər Əliyev siyasi xəttinin alternativsizliyinə sadiq olduqlarını bütün dünyaya sübut etmişlər.
Yola salmağa hazırlaşdığımız 2013-cü il Salyan rayonu üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır. Belə ki, bu il sentyabrın 4-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Salyan rayonunda olması, Heydər Əliyev Mərkəzinin, RİH-in inzibati binasının, Dövlət Bayrağı Meydanının açılışlarında iştirak etməsi rayonumuzda, şəhərimizdə həyata keçirilən tikinti-quruculuq işləri ilə maraqlanması, rayonun ictimaiyyəti ilə görüşündə Salyanın gələcək inkişaf planlarından söz açması rayon əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Sentyabrın 6-da imzaladığı sərəncamla cənab Prezident Salyan –  Şirvan yolunun və Salyan şəhərini Babazanlı hissəsi ilə birləşdirən körpünün tikintisi barədə sərəncamlar imzalamışdır. Cənab Prezidentin Muğan Babazanlı abidələrinin 2800 illiyi haqqında imzaladığı sərəncam da salyanlıların böyük sevincinə və razılığına səbəb olub.
Qarşıdan gələn 2014-cü ildə də Salyan rayonunda əzəmətli tikinti-quruculuq işləri aparılacaq, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
Hörmətli rayon sakinləri!
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.


Tahir KƏRİMOV,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.

Keçidlər