Salyan rayonunda “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda Respublika müşavirəsi keçirilmişdir.
Salyan rayonunda “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda
Respublika müşavirəsi keçirilmişdir.
Salyan Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının nümayəndələri, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan fermerlər iştirak etmişlər. Müşavirəni giriş sözü ilə açan Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Salyan rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensial və ənənələr mövcuddur, aqrar sahədə göstəricilər ildən-ilə artır.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Bu sahənin inkişafı fermerlərimizin gəlirlərinin çoxalmasına, bölgədə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Son illər ərzində dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirlərinin gücləndirilməsi bu sahəni fermerlərimiz üçün daha da cəlbedici edib. Bu sahəyə marağın artması nəticəsində pambıq istehsalının həcmi və orta məhsuldarlıq göstəriciləri ildən-ilə yüksəlir. Pambıqçılığın inkişafı daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramının qəbulu və icrası, fermerlərə verilən subsidiyaların artırılması və digər dəstək tədbirləri pambıqçılarımızı daim yüksək nəticələr əldə etməyə ruhlandırır. Müşavirədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov mövcud su ehtiyatlarının daha səmərəli istifadə edilməsi, əkin sahələrinin təsərrüfat suyu ilə təmin edilməsi məqsədilə görülən işlər, su qrafiklərinin yaradılması və EKTİS-ə inteqrasiyası barədə çıxış edib. O bildirib ki, növbəti mövsümdə də aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti təmin olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov, Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Məmmədov, fermerlər Balaş Əhmədov, Əlibala Səlimov və digər şəxslər ölkədə pambıqçılığın inkişafı istiqamətində görülmüş işlər, qarşıdan gələn yeni mövsümə hazırlıqla bağlı çıxış ediblər.
Müşavirədə pambıqçılığın inkişaf perspektivləri, fermerlərlə tədarükçü şirkətlər arasında əlaqələrin daha da gücləndirilməsi, toxum, gübrə, pestisid və texnika ilə təminat, iqlim dəyişikliyinin pambıqçılığa mənfi təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlər, aqrotexniki qulluq tədbirlərinin texnoloji xəritəyə uyğun aparılmasının zəruriliyi, suvarma məsələləri və digər aktual mövzular ətrafında müzakirələr aparılıb. Fermerlərlə aktiv dialoq formatında keçirilən müşavirə görüş 3 saata yaxın davam edib. Fermerləri maraqlandıran suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.