Rayonda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü münasibətilə tədbir keçirilmişdir.
04 avqust 2021-ci il tarixində Salyan rayon İcra Hakimiyyətində Azərbaycan Əlifbası və Azərbaycan Dili günü münasibətilə tədbir keçirilmişdir. Karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Ənvər İmanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənəət Universitetinin Səhnə danışığı kafedrasının dosenti Nadir Hüseynov, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi Elşən Sadıqov, rayon Ağsaqqallar Şurasının üzvləri və ziyalılar iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı S.Hətəmov tədbiri giriş sözü ilə açaraq bu günün əhəmiyyətindən, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən ətraflı danışmışdır.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlərin, qəbul etdiyi qərarların doğma ana dilimizin bugünkü inkişaf səviyyəsinə çatmasında olduqca mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırmış, dövlət başçısının doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşdığı xüsusi qeyd olunmuşdur.