“1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar tədbir keçirilib
“1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar
tədbir keçirilib.
Salyan Tarix-Diyarşünaslıq Muzeyində RİH və Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin birgə təşkilatçılığı ilə “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili” günü münasibəti ilə “Dahi Azərbaycan şairi Füzulinin söz dünyası” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri yazıçı-publisist Nəbi İbrahimov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan əlifbası və Azərbaycan dili gününün yaranma tarixindən, keçdiyi inkişaf mərhələsindən, dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalmasından, sovet hakimiyyəti dövründə tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən danışıb. Daha sonra professor Nadir Məmmədli AMEA Rəyasət Heyətinin qərarı ilə 3 cilddə çapdan çıxmış “Divanü lüğat-it-türk” kitabını AMEA prezidenti akademik İsa Həbibbəylinin adından Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxanasına hədiyyə edib.
Tədbirdə digər çıxış edənlər ana dilimizin zənginliyindən, poetik ifadəliyindən bəhs edib, Azərbaycan dilinin istifadə imkanları, eləcə də formalaşması və təkmilləşməsi ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Azərbaycan dilinin xalq danışıq dili kimi keçdiyi zəngin inkişaf tarixinə nəzər salınıb, görkəmli mütəfəkkirlərin ana dilimiz haqqında fikirləri təhlil olunub, dilimizin qorunub saxlanmasında elm adamlarının, xüsusilə gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs edilib.
Tədbirə bədii proqramla yekun vurulub