Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix

AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT:

   Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.
   Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.
   Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.
   Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
   Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
   Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
   Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.
   Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.
   Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.
VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.
   İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.
   IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.
   Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.
600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.
   Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.
   XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.
   Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.
   Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.
   XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.
   Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.
   Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
   Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.
   Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı.
   XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.
   Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.
   Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.
   Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.
   Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").
   Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
   Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.
   Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika --- Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
   Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
   Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.
    Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir.
   Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
   Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur.
   Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.
   Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
   Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.
    Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi sisteminin dağıdılmasına başlandı.
   Ölkənin hər yerində "qırmızı terror" tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs "xalq düşməni", "əksinqilabçı" və ya "təxribatçı" adı ilə dərhal "qırmızı terror"un qurbanı olurdu.
   Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları - Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi.
   1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.
   Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.
30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.
   1948-1953-cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.
   Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.
   Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.
   Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
   1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi.
   Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir.
   Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.
   1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.
   Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs reciminə nail oldu.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki "rəhbərlərin" tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.
   Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
   Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoci fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
   İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
   Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
   İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.
  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrətli qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.
   İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba) da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.
İlham Əliyev beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.
   İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
   Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə  regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004,12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi".
   Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
   Azərbaycanın bugünkü reallıqları 17 il öncəyə bir baxış kecirməyi zərurətə çevirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildə  Prezident kimi jurnalistlərə ilk müsahibəsində  « Sizcə  Sizi asan işlər gözləyir, yoxsa çətin» sualına cavabını xatırlatmaq istərdik. Dövlətimizin başçısı İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin   düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış  siyasəti nəticəsində ölkəmizin bu günü üçün yaradılan  möhkəm təmələ əsaslanaraq   sualı  belə  cavablandırmışdı ki, həm asan, həm də çətin: “Asan o mənada ki,  artıq Azərbaycanda  ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin  çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə  belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə  qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.»
    Prezident  İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradırdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və sair kimi həllivacib məsələlər idi. Son 17 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, birmənalı vurğulamaq olar ki,  bugünkü Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni-Zəfər Gününü yazdı.
    Təbii ki, əldə olunan hər bir uğuru şərtləndirən amillər  mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu fikri xüsusi qeyd edirdi ki, mən nəyi nə zaman edəcəyimi bilirdim. Ölkə Prezidenti,  eyni zamanda,  Azərbaycanın bu müddət ərzində daha da gücləndiyini,  yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın  formalaşdığını bildirirdi.
    Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən  iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilini önə çəkməsi bugünümüzə hesablanmış addımlar  sırasından idi. Belə ki, neft-qaz gəlirlərinin düzgün idarə olunması üçün 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Həyata keçirilən  reğional inkişaf proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırıldı. Artıq inamla demək olar ki, hər bir kənd, qəsəbə quruculuq dövrünü yaşayır. Hazırda rayonlar  arasında sağlam rəqabət gedir.  Müasir iqtisadi və sosial infrastrukturun yaradılması bugünümüzün əsas hədəflərindən olan  sahibkarlığın inkişafını sürətləndirən faktorlar sırasındandır. Bölgələrdə enerji, su, qaz  tələbatının yüksək səviyyədə ödənilməsi qeyri-neft sektorunun inkişafına əhəmiyytli təsir göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir.  Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST layihələri sosial xidmət sahəində şəffaflığın təminatına geniş imkanlar açır. Hazırda Azərbaycanın bu təcrübələri beynəlxalq səviyyədə də tətbiq edilir. Hər sahədə ilklərə imza atan Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində   qarşıya çıxan hər bir çətinliyi aradan qaldırmaq imkanına malikdir. 2008-ci ildə dünyanı bürüyən maliyyə və iqtisadi böhranın təsirlərini yada salaq. Azərbaycan bu böhranı az hiss edən ölkələrdən oldu.  İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçiriliməsi Azərbaycanın iqtisadi artım ilə diqqətdə olmasını şərtləndirdi. Hazırda dünyanın, o cümlədən ölkəmizin koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda Azərbaycanın insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi dayanıqlığın təmin edilməsi yönümündə atdığı addımlar da beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu hədəfi qarşıya qoydu ki, ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız  dərinləşməlidir. Layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə xüsusi diqqət yetirməliyik.  Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artmaqda olan  Azərbaycan üçün məşğulluq məsələsi ön plandadır. Pandemiya hədəflərə  maneçilik törətməməli, vaxt itirməməliyik.  Prezident  İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında Tədbirlər Planının hazırlanması, bu sənədin 20 fəaliyyət sahəsini, 4 sektoru və  10 yardım proqramını əhatə etməsi Azərbaycanın COVID-19-la mübarizə dövründə də  qarşıya çıxan çətinlikləri dəf etməsinə geniş imkanlar açır. İşsiz və pandemiya dövründə işsiz qalan vətəndaşlara   190 manat birdəfəlik  yardımın edilməsi, sahibkarlara dövlət dəstəyinin göstərilməsi və sair kimi bir-birindən önəmli addımlar Azərbaycanın bu sahədə 2020-ci ili müsbət nəticələrlə başa vurmasına yol açdı.
    Azərbaycanın iqtisadi möcüzələr ölkəsi, dünyanın ən islahatçı 10 ölkəsi sırasında qərarlaşması həyata keçirilən siyasətin uğurlu nəticələridir.  Artıq Azərbaycanın liderliyi ilə regional çərçivədən çıxaraq beynəlxalq əməkdaşlığa xidmət edən  mühüm enerji və nəqliyyat layihələri həyata keçirilib və keçirilməkdədir. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması kimi əhəmiyyətli  hadisəni tarixinə yazan Azərbaycan üçün  2018-ci ildə Cənub Qaz Dəhlizinin işə düşməsi, TANAP-ın istifadəyə verilməsi təşəbbüsləri gerçəkliyə çevirən ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq salır. Artıq yaxın günlərdə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur.
    Prezident  İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu amil dayanır ki, güclü dövlət, yüksək rifah həyata keçirilən siyasətin əsasını təşkil edir.  Həmçinin bu məqam da diqqətə çatdırılır ki, 2003-cü ildə  “Neft kapitalını insan kapitalına  çevirək” tezisi irəli sürüləndə  yalnız  elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmirdi. Söhbət ondan gedirdi ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət məmurları insanların qayğıları ilə maraqlanmalı, daim onların yanında olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyev  məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə  öz şəxsi keyfiyyətləri  və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyi sahəsində çalışan hər kəsdən də bunu  tələb edir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsasında dayanır. Bu isə öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Prezident İlham Əliyev xalqa güvəndiyini, xalqdan güc aldığını hər zaman bəyan edir. Daim ictimaiyyətin arasında olan,  irəli sürülən təşəbbüslərin, qəbul olunan  qərarların icrası ilə yaxından tanış olub, onlar barədə xalqın dilindən eşitməyə çalışan liderə milyonların sevgisi şəksiz olacaq.
    Dövlətimizin başçısı   2003-cü ildə hədəfləri açıqlayarkən əhalinin sosial müdafiəsinin prioritetliyini  önə çəkərək bu məqamı xüsusi qeyd etmişdi ki,  yoxsulluq deyilən sosial bəla aradan tamamilə götürülməlidir. Son 17 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi  düşünülmüş siyasətin, əhalinin sosial rifah halının yaxşılaşdırılması  üçün uğurla həyata keçirilən sosial paketlərin nəticəsidir.  Bu barədə söhbət açarkən təkcə son iki ilin statistikasına diqqət yetirmək kifayətdir. 2019 -cu ildə  4,2 milyondan artıq insanı əhatə edən iki sosial paket həyata keçirildi. Cari il üçün icra edilən sosial proqramlar da göz qabağındadır. Baxmayaraq ki, koronavirus infeksiyası dünya dövlətləri kimi, ölkəmizin də iqtisadiyyatına təsirsiz ötüşmür, amma dövlətimizin başçısı İlham Əliyev bir dənə də olsun sosial layihənin təxirə salınmayacağını bildirdi.
    Prezident  İlham Əliyev 2003-cü ildə bu hədəfi də açıqlamışdı  ki,  hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Bu fikirlər ümummilli lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisinin davamı kimi dəyərləndirildi. Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti  İlham Əliyevin  «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» Fərmanı da bu məqsəddən irəli gəlir. Sənədə  əsasən, müxtəlif istiqamətləri əhatə  edən yol xəritələri arasında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək addımlardandır. 2021-ci ilin dövlət büdcəsi layihəsi də sosialyönümlülüyü ilə diqqət çəkir. Prezident İlham Əliyev daim bildirir ki, qarşıdaki ilin dövlət büdcəsi arxada qalan ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından yüksək olmalıdır.
    Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan dünyanın iqtisadi, siyasi və humanitar mərkəzinə çevrilib. Bütün sahələrdə ilklərə imza atan ölkəmiz müxtəlif beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilməklə malik olduğu imkanlarını dünyaya təqdim edir. Multikulturalizmin, tolerantlığın Vətəni kimi tanınan Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirməklə dünyaya sülh, əmin-amanlıq, əməkdaşlıq, birlik və həmrəylik mesajını ünvanlayır. 2016-cı ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan olunması da deyilənlərin təsdiqidir.
Bu gün Azərbaycan tolerant ölkə kimi yerini və rolunu möhkəmləndirməkdə, dünyada da bu mühitin qorunmasının vacibliyini bəyan etməkdədir. Cənab İlham Əliyevin bildirdiyi kimi,  bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır. O ölkə ki, qarşılıqlı anlaşmaya daha çox töhfə vermək iqtidarındadır, bunu etməlidir. Qısa zamanda, 29 illik müstəqillik tarixinin 27 ilində  Azərbaycan  özünü dünya birliyinə etibarlı  tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olub.  Azərbaycanın  siyasi sisteminin transformasiyası, demokratik təsisatların yaradılması məhz bu illərdə  olmuşdur.  Azərbaycanda bütün azadlıqlar təmin edilir. Ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Sərbəst toplaşma və dini etiqad azadlığı, ümumilikdə, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılır. Uğurlarımız bir daha   dövlətimizin başçısı İlham Əliyevin siyasətində humanizm prinsiplərinin, vətəndaş amilinin aliliyinin, multikulturalizm ənənələrinin inkişaf etdirilməsinin, milli birlik və həmrəyliyin əsas yer tutduğunu nümayiş etdirir.
    Son 17 il Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin inkişaf etdirilməsi ilə xarakterizə olunur. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı  olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələrini qurur və inkişaf etdirir. Ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənədin imzalanması həm  bu beynəlxalq təşkilatla, həm də quruma üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələ açdı.
    Azərbaycan  ötən 17 ildə beynəlxalq arenada yeni dostlar, tərəfdaşlar qazanıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ilbəil artır. Onu da qeyd edək ki, hazırda  Azərbaycan  Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq formatları formalaşıb, həmçinin dünyanın aparıcı dövlətlərinin yeni xarici siyasəti ölkəmizdə müzakirə olunur.
    Azərbaycanın 2011-ci ildə  155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə  sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin əyani  göstəricisidir. Bir sözlə, ölkəmiz  dünya, o cümlədən region dövlətləri ilə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu atdığı hər bir addımında təsdiqləyir.
    Azərbaycan gerçəkliyə çevirdiyi enerji layihələri ilə regional inkşafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan dünyanın enerji xəritəsinin yenidən tərtib edib. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu, düşünülmüş və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir.
Ötən ilin mühüm tədbirləri sırasında yer alan Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dövlətimizin başçısı İlham Əliyevin nitqi tarixi əhəmiyyəti ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi dərslə yadda qaldı: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”
    Son 17 ildə Azərbaycanın diplomatik uğurlarının miqyası genişliyi ilə diqqət çəkir. Bunlar isə öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaratdı. Dövlətimizin başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmir.
    Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması əsas şərtlərdən biridir. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı davamlı addımların ümumiləşdirilmiş ifadəsi Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarının qarşısını qətiyyətlə alaraq dövlətimizin başçısı, Ali Baş Komandan  İlham Əliyevin “İrəli!” əmri əsasında 44 günlük İkinci Qarabağ müharibəsində  tarix yazmasıdır. Bu tarix heç zaman unudulmayan, xalqımıza, sevinc, xoşbəxtlik, qürur gətirən tarixdir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Orducu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Təsadüfi deyil ki, 44 günlük  Vətən müharibəsində möhtəşəm Zəfərə imza atan Azərbaycanın digər sahələrdə təcrübəsi nümunə olduğu kimi, hərbi təcrübəsinin də öyrənilməsinin vacibliyi bu gün  dünya ekspertləri tərəfindən xüsusi qeyd edilir. Bu təcrübə barədə neçə-neçə kitablar yazılacaq, işğala son qoyan, ədaləti bərpa edən, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən, bir sözlə, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. 
    44 günlük İkinci Qarabağ müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduqlarını bildirdilər. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların  qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin  gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım da belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində  erməni hərbi birləşmələrini  torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş  Qarabağ torpaqlarında  ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın  yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.
    Son   17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin və xanımı Mehriban Əliyevanın  müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza-Cəbrayıl, Füzuli və Ağdama  səfər etmələri, Qələbə sevincini ilk olaraq xalqla paylaşmaları,  möhtərəm Prezidentimizin Azərbaycanın gələcəyi ilə bağlı prioritetləri açıqlaması və sair kimi qürur verən məqamlar xalq-Prezident birliyinin, həmrəyliyinin təzahürüdür. Artıq bu istək gerçəkləşir. Qarşıdakı illərdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Ölkəmizin həyatında yeni dövr- quruculuq dövrü başlayır.
    Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan  Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” fikirləri ilə, eyni zamanda,  ulu öndər Heydər Əliyevin ona olan etimadını, inamını  doğrultmasından,  ən əsası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını da  ifadə etmişdir.
    Son 17 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri, ən əsası Zəfər Günü bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji  hədəflərə nail olmaq üçün  istər ölkə daxilində, istərsə də  beynəlxalq səviyyədə  düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında  “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa  nail oldu. Prezident İlham Əliyev qurucu,  Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin  və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan, etimad göstərdiyi  alternativsiz Liderdir. Prezident İlham Əliyev  Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı, 44 günlük İkinci Qarabağ müharibəsinin  əsl qəhrəmanına çevrildi. 
    Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir.

 

Keçidlər