Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

                                                                     Idman

• Gənclər və idman idarəsi
      • Gənclər və idman siyasəti
      • Prioritetlər
      • Klub və idman məktəbləri
      • Olimpiya İdman kompleksi
      • El pəhləvanları
      • Uğurlar

 



Gənclər və idman idarəsi

İdarə haqqında məlumat
 

Rayon Gənclər və İdman İdarəsi 1995-ci ildən Gənclər, İdman və Turizm idarəsi kimi fəaliyyətə başlamış, 2006-cı il yanvar ayının 1-dən isə Gənclər və İdman İdarəsi kimi fəaliyyətini davam etdirir.İdarənin aparatı 6 ştat vahidindən ibarətdir. Bunlar idarə rəisi, idman sahəsi üzrə rəis müavini, gənclər  sahəsi  üzrə baş məsləhətçi, gənclər sahəsi  üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi- mühasibdir.İdarə beşmərtəbəli binanın I mərtəbəsində yerləşir.
Ünvan: Heydər Əliyev prospekti, 107, tel: (021) 255-51-70, (021) 255-27-80 mob: (050) 350-70-40

İdman bölmələri və idman qurğuları haqqında məlumat

Salyan rayonu üzrə təhsil müəssisələrində bədən tərbiyəsi dərslərində, bölmələrdə, klublarda, UGİŞM-də və sərbəst şəkildə, ümumilikdə 1982 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. Rayonda 185 idman qurğusu vardır: 135 sadə idman qurğusu, 40 idman zalı, 2 kompleks idman qurğusu, 1 üzgüçülük hovuzu, 4 futbol meydançası, 2 atıcılıq tiri, 1 Olimpiya Kompleksi.

İstedad sorağında

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərində, ölkənin ictimai-siyasi həyatında rayon gəncləri yaxından iştirak edir.Rayonda keçirilən iməciliklərdə, yaşıllıqların salınmasında gənclər fəallıq göstərirlər.
Rayon İcra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə istedadlı gənclərin üzə çıxarılması, onların intellektual səviyyələrinin müəyyən edilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş müxtəlif nominasiyalar üzrə «İstedadlar sorağında» müsabiqələri keçirilir. Eyni zamanda rayonun yeniyetmə və gəncləri respublika miqyaslı müsabiqələrdə uğurla çıxış edirlər. Elmi-texniki yaradıcılıq müsabiqələrində uşaqlar tərəfindən hazırlanmış əl işləri nümayiş olunur.
Yeniyetmə və gənclər arasında narkomaniyaya və zərərli vərdişlərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində rayon Polis şöbəsinin, Səhiyyə şöbəsinin nümayəndələrinin iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil edilmiş, karikatura janrında rəsm, inşa yazı müsabiqələri keçirilmişdir.Vətənpərvərlik mövzusunda müxtəlif səpgili tədbirlər keçirilir, yeniyetmə və gənclərlə Qarabağ və Böyük Vətən Müharibəsi veteranlarının görüşləri təşkil edilir.
Gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsi və dünyagörüşünün formalaşdırılması məqsədilə rayon məktəblilərinin “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tur aksiyasında respublikamızın müxtəlif bölgələrinə səyahəti təşkil edilir.

Gənclər və idman siyasəti

Bütün respublikada olduğu kimi, Salyan rayonunda da gələcəyimiz olan gənclərlə işə xüsusi diqqət ayrılır. Onların təhsil, səhiyyə, asudə vaxt məsələləri bütövlükdə Azərbaycanda həyata keçirilən Dövlət gənclər siyasəti və bundan irəli gələn dövlət proqramlarına müvafiq olaraq həyata keçirilir. Əsas məqsəd gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, onların cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılmasına nail olmaqdır. Bu məqsədlə dövlətimiz tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sisteminin tərkib hissəsi olaraq Salyan rayonunda da bir sıra davamlı işlər görülür. Salyan rayonunda 33780nəfər gənc var ki, onlardan 17518 nəfərini kişilər, 16262nəfəri isə qadınlar təşkil edir. Rayonun ictimai həyatının mühüm hissəsi olan gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir.


Prioritetlər

• Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi,
• onların yaradıcılıq potensialının ümumi problemlərin həllinə səfərbər olunması,
• gənclərin vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli xüsusiyyətlərinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması,
• yeniyetmə və gənclərin təhsil, təlim-tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı sağlamlığının qorunması,
• yeniyetmə və gənclərin peşə hazırlığı,
• məşğulluğunun təmin olunması,
• sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının tələblərinə dair biliklərə, eyni zamanda öz hüquqlarını öyrənmək və onu müdafiə etmək məqsədi ilə Konstitusiyanın öyrənilməsi və hüquqi biliklərə yiyələnməsi,
• yeniyetmə və gənclərin hərbi fiziki hazırlığını artırmaq və onları hərbi xidmətə hazırlamaq məqsədi ilə hərbi – idman oyunlarını vaxtaşırı təmin etmək,
• gənclərin arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması ilə bağlı iş,
• təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan istedadlı gənclərin üzə çıxarılması,
• yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, gənc ailələrə dövlət yardımı həyata keçirmək məqsədi ilə gənc ailələrin sosial problemlərinin həll edilməsi, baş verən proseslərin inkişaf meyllərinin proqnozlaşdırılması,
• gənclər arasında nigahın pozulması sayının azaldılması, ailələrdə sağlam münasibətlərin qorunub saxlanması üçün maarifləndirmə işinin gücləndirilməsi,
• uşaq və gənclər təşkilatlarının dövlət orqanları ilə birgə fəaliyyətinin əlaqələndirilməsi, gənclərin siyasi biliklərini artıra bilən, onların dövlət quruculuğuna hazırlığı.
• Bütün bu işlər Salyan rayon Gənclər və İdman İdarəsinin başlıca vəzifələrindəndir. İdarə həmçinin rayon ərazisində kütləvi bədən tərbiyəsi və idman işinin aparılmasına cavabdehlik daşıyır.

Salyan rayonundakı klub və idman məktəbləri

Salyan Uşaq Gənclər İdman Şahmat məktəbi RTŞ-nin tabeçiliyində fəaliyyət göstərənSalyan Uşaq Gənclər İdman Şahmat məktəbində 4 bölmə (futbol, s/güləş, stolüstü tennis, şahmat) vardır.
Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru İlyasov İlqar Namiz oğlu.Tel: iş 021-255-28-05, mobil tel: 050-457-35-35
Rayonda 3 idman klubu var. Bunlar:
“Aran” idman klubu.Sarvan kəndində yerləşir.Əsas fəaliyyət növü sərbəst güləş. Rəhbəri Vüqar Abdullayev
“Nail” futbol klubu. Qarabağlı kəndində yerləşir. Rəhbəri Rəftar Nuriyev.
Kikboksinq idman klubu.Salyan şəhəri 20 Yanvar küşəsindəyerləşir.Rəhbəri Rahil İsgəndərov.

Salyan Olimpiya İdman Kompleksi

2008-ci ildən fəaliyyət göstərir.Ərazisi 8 hektara yaxındır. Kompleksin ərazisində 4 açıq meydança, 2 stadion, 1 idman sarayı, 1 hovuz, 3 idman zalı, 3 kotec, mehmanxana və yeməkxana fəaliyyət göstərir. Kompleksdə futbol, futzal, voleybol, sərbəst güləş, cüdo, universal döyüş, boks, ciu-citsu bölmələri fəaliyyət göstərir. Ümumilkdə burada 231nəfər idmançı idmanın müxtəlif növləri ilə məşğul olur.Kompleksdə idmançılarla yanaşı rayona gələn qonaqların qalması üçün də şərait vardır.Belə ki, burada müasir tələblərə cavab verən mehmanxana və hər cür şəraiti olan kotejlər demək olar, bölgənin ən yaxşı istirahət yeridir.
Salyan OİK-nin direktoru Əsədov Seymur Fikrət oğlu.
Tel: iş (021) 255-52-03,   050-981-54-60,   055-388-81-77, ünvan:Salyan şəhəri B.Talıblı küç.1

El pəhləvanları

Bütün Azərbaycan kimi Salyan rayonu da öz igidoğulları, qəhrəmanları, el pəhləvanları ilə məşhur olub.Onlardan Abduləzim Zahidovu (1940 -1955-ci illərdə daş qaldırmaq üzrə rayonda çıxışlar etmişdir.), Məşədi Əbdüləli Axundovu (Ləqəbi “altıaylıq” olan bu tanınmış idmançı, 1946 – 1950-ci illərdə güləşib.), Əlihüseyn Cəfərovu (1950-1960- cı illər arasında Milli güləşlə məşğul olub.Tanınmış Azərbaycan pəhləvanı Sarı Süleymanla da qurşaq tutub.)vəEtimad Xudaverdiyevi (1955-65-cii llərdə daş qaldırmaq idman növü üzrə pəhləvan olub) göstərmək olar.
Bu ənənə günümüzdə məşhur olan pəhləvanlar ailəsi-Cavadlılar tərəfindən daha da inkişaf etdirilib.Onların davamlı səyləri nəticəsində Salyan pəhləvanlıq məktəbi respublika hüdudlarından kənarda da kifayət qədər tanınıb.
Ailənin başçısı – Yaşar Əbil Oğlu Cavadlı 1957-ci il avqustun 12-də Salyan rayonunun Şorsulu kəndində doğulub. Uşaq yaşlarından idmana böyük həvəs göstərən Yaşar Salyan şəhər UGİM-də sərbəst güləşlə məşğul olub.
1978-ci ildə kənd idmançıları arasında keçirilən SSRİ-nin şəxsi birinciliyində qalib olmuş, 1980-cı ildə isə Belorusiyanın Qotel şəhərində Kozlovin xatirəsinə həsr olunmuş Ümumittifaq turnirində I yerə çıxıb.1981-ci ildə texikumu bitirən Yaşar Salyan rayon Mədəniyyət evində “Hünər” sirk-estrada kollektivi yaradıb. Kolektiv respublikada keçirilən II-III Ümumittifaq Festivalının qalibi olmaqla yanaşı, Bakıda Respublika sarayında “Salyan Mədəniyyət və İncəsənət günləri”ndə müvəffəqiyyətlə çıxış edib. Yaşar Cavadov 1989-cu ildə Qax şəhərində keçirilən daş qaldırma turnirində Azərbaycan çempionu, Azərbaycan milli idman oyunları üzrə IV Respublika spartakiadasının qalibi olmuşdur. 1992-ci ildə “Hünər” sirk-estrada kollektivi “Xalq kollektivi” adına layiq görülmüşdür.
Kollektivin çıxışları Moskva televiziyasının, həmçinin Azərbaycan telekanallarının bir sıra verilişlərində işıqlandırılmışdır.
Ata yolunun varisi, kollektivin konsertmeysteri Vüsal Yaşar oğlu 1984-cü ilin aprel ayının 23-də Salyan rayonunun Şorsulu kəndində doğulub.Vüsal 1988-ci ildən “Hünər” sirk-estrada xalq kollektivində fəaliyyətə başlayıb. Vaxtilə Vüsal haqqında Moskvanın “Utro” proqramından tutmuş Azərbaycan televiziyasının “Xoş gördük”, “Kövrək qədəmlər”, “Dərədən-təpədən”, “Hər birimiz bir çiçək”, “7-17”redaksiyaları verilişlər hazırlamış, “Xəbərlər”, “Günün ekranı”, “Azərbaycan əsgəri” proqramları onun bacarığını bütün Azərbaycan tamaşaçılarına nümayiş etdirib.
Vüsal haqqında yüzlərlə məqalə və oçerklər yazılıb.Tanınmış şair Oqtay Rza ona “Pəhləvan Vüsal” şerini həsr edib.Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunu Vüsal Yaşar oğlu, sərbəst güləş üzrə idman ustasıdır, Respublika və beynəlxalq turnirlərin qalibidir. 1985 və 1987-ci illərdə Zəhmətkeşlərin Ümumittifaq Xalq yaradıcılığı festivalların laureatı, 1985-ci ildə isə Böyük Vətən Müharibəsinin 40 illiyinə həsr olunmuş Ümumittifaq festivalın qalibi olmuş, 7 noyabr 1997-ci ildə Moskva Dövlət sirki ilə birlikdə Bakı Dövlət sirkində uğurla çıxış etmişdir. 21-23 May 2004-cü ildə Rusiyanın Nefteyuqansk şəhərində uğurlu qastrol səfərində olmuşdur. 2006-cı ildə Dağıstanda pəhləvanlıq sənəti üzrə keçirilən birincilikdə Qafqaz çempionu adına layiq görülmüşdür.
Vüsal Cavadlı Almaniyanın Frankfurt şəhərində Zorxana və pəhləvani güləş üzrə Avropa çempionu, Türkiyənin Konya şəhərində Dünya kubokunun sahibi, 2011-ci ilin may ayının 19-dan 24-nə qədər Litvanın Şaulay şəhərində ikinci dəfə Avropa çempionu olub. Vüsal Cavadlı atası Yaşarla birgə Rusiyanın, Ukraynanın, Belorusun, Gürcüstanın, Tacikistanın, Dağıstanın, İran İslam Respublikasının və Türkiyənin müxtəlif şəhərlərində uğurla çıxış etmiş, öz qeyri-adi gücü və istedadı ilə tamaşaçıları riqqətə gətirmişdir.
Vüsal Cavadlı Avropanın Zorxana və pəhləvan güləşi üzrə ilin ən güclü idmançısı olub.O, Kakut güləşi (Xapsqay) üzrə Avropa çempionu adına da yiyələnib.2014-cü ildə Vüsal Cavadov Belarusiyanin Minsk şəhərində Zorxana və pəhlivan güləşi üzrə Avropa çempionatında 90 kq-da bürünc medal qazanmışdır.
16-18 yanvar 2017–ci il tarixlərində Gürcüstanın Marneuli rayonunda “Dünya rekordçuları festivalı”nda pəhləvan güləşi növü üzrə üçqat dünya və üçqat Avropa çempionu olanhəmyerlimiz Vüsal Cavadov uğurla çıxış edərək yeni dünya rekordlarına imza atmşıdır.
El Pəhləvanı Vüsal Cavadov 18-22 yanvar 2020-ci il tarixlərdə İran İslam Respublikasında keçirilən Zorxana və Pəhləvan Güləşi üzrə III dünya çempionatında ağır çəki dərəcəsində iştirak etmiş, qarşılaşdığı İran, Tacikistan, Zimbabve və Kamerun idmançıları üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, Zorxana  və Pəhləvan Güləşi üzrə dünya çempionu olmuşdur.
Yaşar Cavadovun kiçik oğlu Tural Cavadlı da gənclər və kişilər arasında Zorxana və pəhləvan güləşi üzrə Avropa çempionu olub.O, 2014-cü ildə Belarusiyanin Minsk şəhərində Zorxana və pəhləvan güləşi üzrə Avropa çempionatında 70 kq-da qızıl medal qazanmış və Avropa çempionu olmuşdur.
Yaşar və Vüsal Cavadovlar haqqında yüzlərlə qəzet və jurnallarda materiallar dərc edilmiş, telesujetlər hazırlanmışdır.Sahib Sailovun“ Muğanın övladları”, Dilqəm Quliyevin “Azərbaycanın ustad pəhləvanları”, Təyyar Nəsirlinin “Muğan torpağının pəhləvanları” kitabı Yaşar və Vüsal Cavadovlara ithaf edilib.

Uğurlar

Rayon idmançıları arasında respublika səviyyəli yarışlarda fərqlənmiş idmançılarla yanaşı Respublikadan kənarda beynəlxalq yarışların mükafatçıları da vardır.Qusar rayonunda keçirilən kişilər arasında universal döyüş üzrə Avropa çempionatında 95 kq çəkidə Quliyev Seymur Məhəmməd oğlu I yerə və Babayev Mahir Mirzahid oğlu II yerə, Anapa şəhərində gənclər arasında Qafarlı Kənan Füqurət oğlu dünya çempionatında II yerə layiq görülmüşdür.Həmin ildə Anapa şəhərində gənclər arasında Vəliyev Azər Füzuli oğlu II yerə, Rusiyanın Medin şəhərində yeniyetmələr arasında universal döyüş üzrə dünya çempionatında Şabanov Cəmil I yerə layiq görülmüşdür.Həmin şəhərdə Əliyev Röyal Asif oğu bu idman növü üzrə I yerə layiq görülərək Avropa çempionu olmuşdur.
İspaniyanın Madrid şəhərində İlyasov Ramil Siyasət oğlu gənclər arasında kikboksinq üzrə II yerə, Macarıstanda yeniyetmələr arasında Avropa kuboku uğrunda Zeynallı İlqar Vüqar oğlu II yerə, Xorvatiyada keçirilən Avropa kubokunda gənclər arasında yarışda Bağırov Röyal Rasim oğlu III yerə, Türkiyənin Artvin şəhərində uşu-sanda üzrə kişilər arasında Qafqaz kuboku uğrunda keçirilən Quliyev Seymur Məhəmməd oğlu II yerə layiq görülmüşdür.
Yunanistanın Afina şəhərində kikboksinq üzrə dünya çempionatında rayonu təmsil edən Saməddin Nağıyev 60 kq-da və Elvin Rəhimov 50 kq-da I yerə çıxaraq Dünya çempionu olmuslar. İlqar Zeynallı isə 40 kq-da II yeri tutmusdur.Hollandiyanın Roterdam şəhərində Gənclər arasında boks üzrə Avropa birinciliyində Cavid Quliyev 64 kq-da I yeri tutaraq boks üzrə Avropa çempionu olmuşdur.
Türkiyənin İstanbul şəhərində Avropa Xüsusi Olimpiya Komitəsinin xətti ilə 2 divizyonda keçirilən voleybol üzrə Avropa Cempionatında iştirak edən Respublika Xüsusi Olimpiya Komitəsinin yığma komandasının tərkibində rayonun baş məşqçisi  Məhərrəm Abuşov və onun 3 yetirməsi çıxış etmiş, Avstriya, Almanya və Malta komandalarını məğlub edərək II divizyonun Avropa Çempionu olmuşlar.
Braziliyanin Salvador şəhərində keçirilən gənclər arasında sərbəst güləş üzrə Dünya çempionatında rayonun yetirməsiArif Hüseynov 50 kq-da III yer tutaraq bürünc mükafat qazanmısdır.
Quliyev Seymur Qrelfinq Pankireyşn MMA üzrə İtaliyanın Eboqa şəhərində keçirilən dünya çümpionatında 92 kq- da  II  yeri tutmuşdur.
Türkiyənin Sakarya şəhərində  keçirilən 30 Avqust  Zəfər  Həftəsi Valilik Kuboku uğrunda keçirilən cüdo idman növü üzrəBeynəlxalq turnirdə gənclər arasında Baxışova Aidə Məhəmməd qızı 70 kq çəki dərəcəsində III yeri tutmuşdur.
Bakı şəhərində keçirilən Qocyu-ryu Okinava karate-do və kobudo-kempo üzrə yeniyetmə, gənclər və böyüklər arasında açıq Avropa Çempionatı və birinciliyi və Avropa  kəməri uğrunda döyüşlərdə İmran Əliyev 65 kq-da, Dilavər Həşimzadə 45 kq-da, Orxan Əzizli 75 kq-da İrigumi go üzrə I yer, Yasər Nəsirov isə 75 kq-da Full-kempo üzrə I  yeri tutmuşlar.
Həmçinin, ötən il ərzində idmançılarımız rayondan kənarda  respublika səviyyəli birincilik və çempionatlarda iştirak etmiş, müxtəlif  idman növləri üzrə nailiyyətlər əldə etmişlər. Keçirilmiş idman yarışlarında iştirak edən rayon idmançıları 32 qızıl, 18 gümüş, 19 bürünc medal olmaqla, ümumilikdə 69 medal qazanmışdır. Onlaradan 5 qızıl, 4 gümüş, 3 bürünc medal olmaqla, 12 medal Olimpiya idman növləri üzrə qazanılmışdır.
Rayonda futbolun inkişafı istiqamətindədə müəyyən işlər görülmüşdür.Rayonun kəndlərində həvəskar futbol komandaları yaradılmış, bu komandaların, eləcə də rayon Uşaq Gəncər İdman Şahmat məktəbində futbol bölmələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Yerli bələdiyyələr və imkanlı iş adamları futbol klublarının saxlanilmasında yaxından köməklik göstərirlər.
Ərazilərdə sadə futbol meydançaları yaradılmış, mövcud meydançalar təmir edilmişdir.Salyan Olimpiya İdman Kompleksinin stadionunda təmir işləri aparılmış, ikinci futbol meydançasına süni örtük döşənmişdir.Hazırda rayonda müxtəlif ölçüdə 48 futbol meydançası vardır.

 

Keçidlər