Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.

26 oktyabr 2020 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir. Hər gün qəhraman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar alırıq. Müharibə eyni zamanda informasiya cəbhəsində də gedir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi il müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənə həm döyüş meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Təcavüzkar Ermənistanın 27 sentyabr tarixindən Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı vaxtdan bəri cənab Prezident dünyanın çoxlu sayda məşhur televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təxribat, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayyətlər, Azərbaycanın həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması, atəşkəs rejiminin pozulması və digər mühüm məsələlər barədə dünya ictimayyətinə Azərbaycanın mövqeyi barədə məlumat vermişdir.
     23 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni Yaponiyanın məşhur "Nikkei" qəzetinə vermişdir. Müsahibə vaxtı müxbirin birinci və ikinci atəşkəsin pozulması ilə bağlı sualını cavablandırarkən cənab Prezident demişdir: "Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar ballistik raketlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq".
     Müxbirin Dağlıq Qarabağda yaşayan ermənilərin gələcəyi və referendum məsələsi ilə bağlı suallarını cavablandırarkən qeyd olunmuşdur ki, ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər vətəndaşlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilər tərəfindən soyqırımına məruz qalan Xocalı şəhərində və bir çox şəhərlərdə və kəndlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizlənmə həyata keçiriblər.
     Azərbaycan bunu heç vaxt etməyib. Hətta indiki toqquşmalar zamanı eyni yolla cavab verməyib. Referendum məsələsi ilə bağlı cənab Prezident bildirmişdir ki, Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin bir hissəsi geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddaratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların Ermənistan dövləti var. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət belə gedə bilməz.
     Möhtərəm Prezident açıq şəkildə Ermənistanı danışıqları pozmaqda və ümumiyyətlə, iki tərəf arasında Moskvada razılaşdırılmış məqamları alt-üst etməkdə günahlandırıb: "İlham Əliyev açıq şəkildə Nikol Paşinyan hakimiyyətini reallığı qəbul etməyə və hazırkı duruma görə adekvat addımlar atmağa səsləyib. Əlbəttə ki, əvvəlki status-kvonun mövcud olmadığı, təmas xəttinin dağıdıldığı bir vaxtda danışıqlar yeni çalarlar alır və əgər müharibə başlayana qədər 30 il ərzində ölkəmiz Dağlıq Qarabağdakı ermənilərə bir çox güzəştlərə getməyə hazır idisə, Nikol Paşinyanın danışıqları pozması və razılaşdırılmış sənədləri qəbul etməməsindən sonra vəziyyət başqa xarakter alır. Artıq təmas xəttinin olmadığı, ətraf rayonların bir hissəsinin ordumuz tərəfindən işğaldan azad edildiyi bir vaxtda Azərbaycanın Ermənistana verə biləcəyi ən yaxşı şans tez bir zamanda təcili şəkildə erməni silahlılarının torpaqlarımızı tərk etməsidir. Bu isə o deməkdir ki, indiki halda Ermənistan rəhbərliyi, xüsusilə daha məntiqli və məsuliyyətli davranaraq işğal edilmiş əraziləri boşaltmalıdır. Əks təqdirdə, bunu Azərbaycan Ordusu özü etməkdə davam edəcək və o zaman, Dağlıq Qarabağdakı ermənilərin və Ermənistanın Azərbaycandan istəyəcəyi heç nə Bakı tərəfindən qəbul edilməyəcək. Daha doğrusu, rədd ediləcək. Çünki sülh vaxtı münaqişə tərəfləri arasındakı razılıqlarla müharibədən sonrakı danışıqları bir tutmaq olmaz. Bu məsələyə toxunan Prezident İlham Əliyev bir daha Ermənistan hakimiyyətinin apardığı siyasəti iflas etdi.
     Yeri gəlmişkən, Prezidentin Azərbaycanın haqqı olan öz ərazi bütövlüyünü bərpa etməsi və hərbi əməliyyatların, məhz Azərbaycan ərazisində getdiyini bir neçə dəfə təkrarlamasından sonra artıq beynəlxalq aləm də Ermənistanın arzularını puç etməkdədir. Elə dünən nəhayət ki, ABŞ və Rusiya tərəfindən Azərbaycanın mövqeyi ilə üst-üstə düşən bəyanatların verilməsinin şahidi olduq. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bildirdi: "Münaqişə Azərbaycanın suverenliyi çərçivəsində həll olunmalıdır və ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin ilkin mərhələsinə qayıtmasını arzu edirlər. Hansı ki, orada Azərbaycanın suveren sərhədləri var və erməni əhali bu sərhədlər çərçivəsində yaşayırlar. Bu, razılaşdırıla və o zaman münaqişə başa çata bilər". Təsadüfi deyil ki, ABŞ nümayəndəsinin bu bəyanatı okeanın o tayındakı erməni diasporu və Ermənistan daxilində çox ciddi narahatlıqla qarşılanıb. ABŞ-ın ardından Rusiya prezidenti Vladimir Putin də "Valday" forumunda sualları cavablandırarkən ərazi bütövlüyü məsələsinin vacibliyinə toxunub. O deyib ki, "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz". Bəli, indi vəziyyət dəyişməkdədir. Əgər 90-cı illərdə hərbi əməliyyatlar gedən zaman demək olar ki, bütün dünya Azərbaycana qarşı idisə, indi erməni yalanlarının ifşası və düzgün aparılan diplomatik siyasət nəticəsində tamamilə əks proseslərlə qarşı-qarşıyıq. Beləliklə, bu gün döyüşlərin getdiyi, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin olduğu bir vaxtda Azərbaycan öz mövqeyində qətidir. Ermənistan ordusu bütün Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Görünən odur ki, istər diplomatik sahədə, istərsə də Qarabağda ciddi fiasko ilə üzləşən Ermənistanın keçmiş və indiki hərbi-siyasi elitası Ermənistan dövlətinə necə ciddi zərbə vurduqlarını yaxın vaxtlarda başa düşəcəklər. Erməni əsilli kinorejissor Şahnazarovun başa düşdüyü kimi. Karen Şahnazarov etiraf edib ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil: "Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımır. Bu məsələlər güclə həll olunur - əgər Bakını almağa gücün varsa. Gücün yoxdursa, onda kompromis axtar. Güzəştə getmək lazımdır. İnadkarlıqla məsələni həll etmək mümkün deyil. Bütün mübahisəli əraziləri Azərbaycana verməklə problemi həll etmək olar, əslində, onlar mübahisəli deyil, yəni mübahisəsizdir, bunu qəbul etməliyik və konkret olaraq orada yaşayan erməni əhalisi ilə bağlı məsələləri həll etməliyik". Bəli, artıq bəzi rasional düşüncəyə malik ermənilər və indiyə qədər bölgədə ermənilərin vasitəsilə öz geosiyasi maraqlarını həyata keçirən güclər də başa düşürlər ki, Qarabağın Azərbaycanın olması ilə barışmaq lazımdır.
     Ölkə Prezidenti  İlham Əliyev müsahibəsində Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualını cavablandırarkən  Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Cənab İlham Əliyev   «Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız» sualına cavabında isə bildirmişdir ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi: «Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu özü hər şeyi göstərir. Həmçinin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır.»
Regionda yaranacaq sülhün bu bölgənin simasına təsiri ilə bağlı cənab Prezident bildirmişdir ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Bildirlilmişdir ki, hazırada Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. İki ölkə arasında strateji əməkdaşlıq səviyyəsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, beynalxalq əhəmiyyətli TANAP və bir çox başqa layihələrin həyata keçirilməsinə imkan vermişdir.
     İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə Qəhrəman Azərbaycan ordusu tərəfindən işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, Cənubi Qafqazda, ümumilikdə regionda sülh yaranacaq. Bu da regiondakı dövlətlər, xalqlar arasındakı qonşuluq münasibətlərinin, əməkdaşlığın yeni daha yüksək səviyəyə qalxmasına şərait yaradacaq.

 

Keçidlər